Baş nazirə etiraz edib, nazir vəzifəsindən imtina etmişdi - Dosye

9 Fevral 2026 21:37

Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat, AVP-nin sabiq sədri Fəzail Ağamalı 78 yaşında dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Fəzail Rəhim oğlu Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Şıxlar kəndində anadan olub. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirib. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olub. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalıb.

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973-1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində işləyib, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakıya köçüb.

1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulub, AXC-nin həmin il iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak edib və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilib. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərib, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa verib.

1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaradıb və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilib.

1992-1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb. 1994-cü ilin avqustunda dövrün Baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, nazir əvəzi vəzifəsindən istefa verib.

Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilib.

Fəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını alıb.

Beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.

25 avqust 2017-ci ildə "Şöhrət", 25 avqust 2022-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

3 övladı var.

Milli.Az