İspaniyanın "Barselona" futbol klubunun prezidenti Joan Laporta martın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün tutduğu vəzifədən ayrılıb.
Milli.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu qərar İdarə Heyətinin bu gün baş tutan iclasında rəsmiləşdirilib.
Klubun nizamnaməsinə əsasən, seçki prosesində iştirak edəcək digər idarəçilər də vəzifələrini tərk ediblər. Onların sırasında vitse-prezidentlər Elena Fort və Rafael Eskudero, eləcə də Ferran Oliver, Josep Maria Albert, Xavyer Barbani, Miqel Kamps, Aureli Mas, Xavyer Puiq və Joan Soler Ferre yer alır.
Müvəqqəti idarəetmə 30 iyun tarixinədək Rafael Yustenin rəhbərliyi ilə həyata keçiriləcək. İdarəetmə heyətinə vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro, həmçinin idarə heyətinin üzvləri Xosep İqnasi Masia, Anxel Riudalbas, Joan Sole i Sust və Sisko Puyol daxildir.
Qeyd edək ki, "Barselona" hazırda İspaniya La Liqasında 54 xalla turnir cədvəlinin lideridir.
Hüseyn
Milli.Az