Telefonunuz soyuqda qəfil sönürsə, bunları bilməlisiniz

10 Fevral 2026 03:03

Smartfonların batareyaları soyuq havada qəfil sönə bilər.

Milli.Az xəbər verir ki, rusiyalı professor Aleksey Yurasov bildirib ki, litium-ion batareyalar əsasən otaq temperaturuna uyğun işləyir və 0°C-dən aşağıda performansını itirir. Soyuqda batareyanın kimyəvi reaksiyaları ləngiyir, daxili müqavimət artır və enerji ötürülməsi zəifləyir. Bu halda qoruyucu mexanizm işə düşür və telefon sönür.

Yurasov əlavə edib ki, litium-polimer batareyalar şaxtaya daha davamlıdır, lakin yüksək qiymətinə görə az istifadə olunur. O, həmçinin cihazın korpus materialının da əhəmiyyətli olduğunu vurğulayıb: metal korpuslu modellər istiliyi daha tez itirir, plastik və qalın üzlüklü telefonlar isə daha uzun müddət işləyir.

Ekspert soyuq havada smartfonu daxili cibdə saxlamağı, istilik saxlayan üzlükdən istifadə etməyi və soyuyan cihazı birbaşa yükləmədən əvvəl otaq temperaturunda isinməyə qoymağı tövsiyə edib.

Asya
Milli.Az