Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub - FOTO

8 Fevral 2026 10:13

Gəncə Dövlət Milli Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerası keçirilib.

Milli.Az xəbər verir ki, Leyla Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə "ANİMAFİLM Gəncədə" festivalı çərçivəsində keçirilib.

Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı - "İsi və Piti" serialının iki bölümünün premyerası ilə yanaşı, "Bum-bum" və "Yer və Ay" qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük maraq və yüksək əhvali-ruhiyyə ilə izləyiblər.

Festivalda, həmçinin uşaqlara insan və təbiət vəhdətini, ekoloji problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan "Yer və Ay" qısametrajlı animasiya filmi nümayiş olunub.

Milli.Az