Birinin əsnəməsi sizi də əsnədir? - Səbəbi təəcübləndirəcək

7 Fevral 2026 15:00

Əsnəmə demək olar ki, hər kəsin gündəlik həyatında rastlaşdığı adi haldır. Adətən yorğunluq, yuxusuzluq və ya darıxma ilə əlaqələndirilsə də, alimlər əsnəmənin arxasında daha maraqlı mexanizmlərin dayandığını bildirirlər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, əsnəmənin əsas funksiyalarından biri beynin temperaturunu tənzimləməkdir. Beyin həddindən artıq isinərkən əsnəmə refleksi işə düşür və dərin nəfəs alma yolu ilə beynə daha sərin hava daxil olur. Bu da beyin fəaliyyətinin daha stabil qalmasına kömək edir.

Digər bir izaha görə, əsnəmə orqanizmin oksigen balansı ilə bağlıdır. Uzun müddət hərəkətsiz qalanda və ya diqqət azaldıqda tənəffüs səthi və yavaş olur. Əsnəmə zamanı dərin nəfəs alınıb-verilməsi qana daha çox oksigen daxil olmasına və karbon qazının xaric edilməsinə şərait yaradır.

Alimlər həmçinin əsnəmənin sosial və psixoloji tərəfinə də diqqət çəkirlər. Əsnəmənin "yoluxucu" olması yəni birinin əsnəməsini görən digər şəxsin də avtomatik əsnəməsi empatiya və sosial bağlarla əlaqələndirilir. Araşdırmalara görə, insanlar yaxın olduqları şəxslərin əsnəməsinə daha tez reaksiya verirlər.

Bəzi hallarda tez-tez və nəzarətsiz əsnəmə sağlamlıq problemlərinin də əlaməti ola bilər. Xüsusilə daimi halsızlıq, başgicəllənmə və ya yuxu pozuntuları ilə müşayiət olunursa, bu vəziyyət stress, yuxu çatışmazlığı, sinir sistemi və ya ürək-damar problemləri ilə əlaqəli ola bilər.

Mütəxəssislər bildirirlər ki, nadir və situasiyaya uyğun əsnəmə normal haldır. Lakin əsnəmə gündəlik həyata mane olacaq qədər tez-tez baş verirsə, bunun səbəblərini araşdırmaq üçün həkimə müraciət etmək tövsiyə olunur.

Asya
Milli.Az