Saxara səhrasında 7 min illik şok: Bilinməyən insan soyuna aid mumyalar tapıldı

7 Fevral 2026 07:07

Arxeoloqlar Saxara səhrasının dərinliklərində, Misir mumyalarından min illər daha qədim olan və tamamilə fərqli bir texnika ilə qorunmuş mumyalar aşkar ediblər. Bu tapıntı bəşəriyyət tarixinə dair bildiyimiz bir çox məlumatı yenidən nəzərdən keçirməyə məcbur edir.

Milli.Az xəbər verir ki, tapılan mumyaların təxminən 7 min il yaşı var. Bu isə o deməkdir ki, Saxarada yaşayan bu qədim cəmiyyət, qədim misirlilərin mumyalama ənənəsindən çox-çox əvvəl ölüləri qorumaq texnikasına sahib olublar. Bu kəşf mumyalama sənətinin mənşəyinin Nil vadisindən daha geniş ərazilərə yayıldığını göstərir.

Alimləri ən çox təəccübləndirən məqam mumyaların DNT analizləridir. İlkin araşdırmalar göstərir ki, bu insanlar hazırda məlum olan heç bir qədim insan qrupuna birbaşa bənzəmir. Onlar indiyə qədər tarixin tozlu səhifələrində gizli qalmış, inkişaf etmiş və özünəməxsus mədəniyyəti olan "itkin bir soy" ola bilər.

Misir mumyalarından fərqli olaraq, bu cəsədlər xüsusi bitki qatranları və səhranın təbii quruluğu sayəsində inanılmaz dərəcədə yaxşı qorunub. Tədqiqatlar göstərir ki, bu insanlar daxili orqanları çıxarmaq və bədəni müəyyən bir formada saxlamaq üçün olduqca mürəkkəb bioloji biliklərə malik imişlər.

Bundan 7 min il əvvəl Saxara indiki kimi quraq bir səhra deyil, gölləri, çayları və sıx bitki örtüyü olan bərəkətli bir ərazi idi. Mumyalarla birlikdə tapılan məişət əşyaları və ov alətləri, bu insanların həm ovçuluqla, həm də heyvandarlıqla məşğul olduqlarını, həmçinin astronomiya və təbiət hadisələrinə dair dərin biliklərə sahib olduqlarını sübut edir.

Lalə Qüdrətova
Milli.Az