Müasir həyatın tempi bizi çox vaxt daxili səsimizdən belə uzaqlaşdırır. Ekranlar, iclaslar, bitməyən bildirişlər və daim harasa yetişmək qaçaqovu arasında nəfəs almaq belə çətinləşir. Günün böyük hissəsini qapalı məkanlarda, süni işıqlar altında keçirərkən bədənimiz qədər ruhumuz da yorulur. Məhz bu məqamda təbiətin bizi sakitləşdirən, tarazlayan və sağaldan gücü - "Meşə vannası" dövrəyə girir.
Milli.Az xəbər verir ki, Yaponiyada "Shinrin-yoku" adı ilə yaranan bu təcrübə "meşə atmosferinə dalmaq" deməkdir. Burada məqsəd idman etmək, sürətlə yerimək və ya hansısa hədəfə çatmaq deyil. Əsas prinsip yavaşlamaq və olduğun anı bütün duyğularınla hiss etməkdir.
Elmi araşdırmalar göstərir ki, bu ritual stress hormonu olan kortizol səviyyəsini aşağı salır, ürək döyüntülərini nizamlayır və immunitet sistemini gücləndirir.
Ağaclardan yayılan təbii aromaların (fitonsidlərin) sinir sisteminə sakitləşdirici təsir etdiyi sübut olunub.
Meşə vannasının ən güclü tərəfi təbiətlə sözlərə ehtiyac duymadan qurulan ünsiyyətdir:
Gözlər: Yaşılın min bir tonunu izləyir.
Qulaqlar: Quşların cəh-cəhini və küləyin yarpaqlar arasındakı pıçıltısını dinləyir.
Toxunuş: Ayaqlar torpağın yumşaqlığını, əllər ağac qabıqlarının nahamar toxumasını hiss edir.
Qoxu: Burun təmiz havanın və meşənin təravətini içinə çəkir.
Bu prosesdə zihin keçmiş və gələcək qayğılarından uzaqlaşaraq "anda" qalmağı öyrənir.
Meşə vannasını sadəcə uzun tətillərdə edilən xüsusi bir fəaliyyət kimi düşünməyin. Bunu həyatın bir hissəsinə çevirmək mümkündür:
Yaxınlıqdakı bir park və ya ağaclıq sahə seçin. Başlamaq üçün kiçik bir bağça belə kifayətdir.
Telefonu səssizə alın. Texnologiyadan tamamilə qopun.
Tələsməyin. Bir neçə dəqiqə dayanıb ətrafı izləyin, nəfəsinizin ritminə fokuslanın.
Həftəlik rutin yaradın. Həftədə bir dəfə edilən qısa bir "meşə vannası" stress idarəçiliyinizi gücləndirəcək.
Lalə Qüdrətova
Milli.Az