Daha bir futbol əfsanəsi karyerasını bitirməyə qərar verib

6 Fevral 2026 19:58

Daha bir futbol əfsanəsi karyerasını bitirməyə qərar verib.

Milli.Az xəbər verir ki, İspaniya və dünya futbolunun canlı əfsanələrindən olan Serxio Ramos peşəkar futbolçu karyerasını başa vurmaq variantını ciddi şəkildə nəzərdən keçirir. Buna səbəb "Sevilya" klubunun təcrübəli müdafiəçinin geri dönüş təklifini rədd etməsidir.

Məlumatlara görə, 39 yaşlı futbolçu mövsümün sonuna qədər ödənişsiz oynamağı təklif edərək, karyerasını yetişdiyi klubda bitirmək istəyib. Serxio Ramos bu məqsədlə "Sevilya"nın idman direktoru Viktor Orta ilə əlaqə saxlayıb. Onun təklifi maliyyə deyil, tamamilə emosional səbəblərə əsaslanıb.

Lakin "Sevilya" rəhbərliyi heyətin planlaşdırılması, maliyyə balansı və baş məşqçi Qarsiya Pimientanın rəhbərliyi altındakı müdafiə xəttindəki sabitliyi əsas gətirərək bu təklifi qəbul etməyib. Qərarın Ramosu məyus etdiyi və futbolçunun başqa klub axtarmaqdansa, karyerasını bitirməyə daha yaxın olduğu bildirilir.

Serxio Ramos son olaraq "Monterrey" klubunun formasını geyinib və 2025-ci ilin dekabrında tərəflərin qarşılıqlı razılığı ilə komandadan ayrılıb. O vaxtdan bəri rəsmi oyunlarda iştirak etməyib.

Əgər Ramosun karyerasını bitirməsi rəsmiləşərsə, bu, futbol tarixinin ən titullu müdafiəçilərindən birinin möhtəşəm yolunun sonu olacaq. O, "Real Madrid"lə 4 dəfə Çempionlar Liqasını, 5 dəfə La Liqanı qazanıb, PSJ ilə də mühüm uğurlara imza atıb. İspaniya millisinin heyətində isə 2010 Dünya Çempionluğu, 2008 və 2012 Avropa Çempionatlarının qalibi olub. (Offsideplus.az)

Milli.Az