Məşhur futbolçu Rahim Sterlinqin adı "Qarabağ"la hallanır.
Milli.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun nümayəndələri hətta Londonda 31 yaşlı hücumçu ilə danışıq da aparıb.
Keçidin baş tutma ehtimalı 42 faiz olaraq qiymətləndirilir. Söhbət yarım mövsümlük müqavilədən gedir.
Qeyd edək ki, R.Sterlinq peşəkar karyerasına "Liverpul"da (2012-2015) başlayıb. "Qırmızılar" 2015-ci ildə onu 63,7 milyon avroya "Mançester Siti"yə satıb. Futbolçu 2022-ci ildə 56,2 milyon avro qarşılığında "Çelsi"yə keçib. 2024/25 mövsümündə icarə əsasında "Arsenal"da çıxış edib. Yanvarda "Çelsi"dən ayrıldığı üçün hazırda azad agent statusu daşıyır.
Rahim Sterlinq İngiltərə millisində 82 oyun keçirib və 20 qol vurub. O, 2020-ci il Avropa çempionatında gümüş, 2018/19 mövsümündə UEFA Millətlər Liqasında bürünc medal qazanıb.
31 yaşlı forvard 4 dəfə Premyer Liqanın qalibi olub, Federasiya Kubokunu (1 dəfə), Liqa Kubokunu (5) qazanıb, 2020/21 möümündə Çempionlar Liqasının gümüş mükafatına sahib çıxıb.
Milli.Az