Tez hazırlanan qidalar
27 Sentyabr 2012 02:30
Belə qidaların qiyməti, istənilən super marketlərdə satılması müxtəlif alıcı təbəqəsinə onlardan yararlanmağa imkan verir.
Supermarket satıcısı Elçin Hacıyev Milli.Az-a bildirib ki, satışda tez hazırlanan qidaların müxtəlif çeşidləri təklif olunur. "Bu gün artıq 5-10 dəqiqəyə şorba, sıyıq, lapşa, əzilmiş kartof, hətta krem də hazırlamaq olur", - deyən satıcı qarşısındakı tez bişən qidalarla dolu olan qutuları göstərir: "Burda müxtəlif qiymətə bir nəfərlik cürbəcür markalardan olan toyuq və mal ətindən hazırlanan göbələkli, bibərli şorabalar, noxudlu makaronlar, kartofdan yeməklər satılır. Qiymətlər müxtəlifdir. 70-80 qəpikdən başlayır. Hətta 50 qəp-yə də tez bişən şorbalar olur. Belə şorbalar iki nəfər üçün nəzərdə tutulur".
E.Hacıyev onu da qeyd etdi ki, ən çox alınanı tez bişən şorba cəmi 70 qəpikdir. "Bilirsiz, əsasən, bu qidalardan iş yerində istifadə edirlər. İşdə uzun müddət yemək hazırlamaq üçün vaxt olmur. Hazır yemək almaq üçün azı iki manat xərcləmək lazımdır. Tez bişən qidalar isə həm ucuzdur, həm də asan hazırlanır", - deyən satıcı tez bişən qidalar üçün əlavə qabın da lazım olmadığını bildirir: "Belə yeməklər plastik, birdəfəlik boşqabın içində yerləşdirilir. İçərisində "vilka" da qoyulur. İstifadə etdikdən sonra qab yumaq da lazım olmur. Belə ki, çox adam birdəfəlik qabları atır".
Tez bişən qidaların üzərində hazırlanma qaydası yazılır: "Hazır qidanın üzərinə qaynar su, qidaya daxil olan paketdə ədviyyat, qurudulmuş və ya süni qida elementləri əlavə olunur. Qabın qapağı kip bağlanır. Cəmi 5 dəqiqədən sonra yemək hazırdır".
Onun dediyinə görə, belə qidaların tərkibinə bitki yağı, kartof nişastası, duz, yumurta tozu, rəngləyici maddə, şəkər tozu, dad və ətir gücləndirici kimyəvi maddələr, qlutamat, quanilat, inozinat natriya, bəzən qurudulmuş sarımsaq, soğan, noxud, qarğıdalı, yerkökü, nanə, eləcə də toz şəklində tomat, qərənfil, bibər qarışdırılır.
İşgüzar xanım Gülşən Babayevanın sözlərinə görə, bəzən yemək hazırlamaq üçün kifayət qədər vaxtı olmur: "Əgər mən münasib qiymətə 10 dəqiqəyə dadlı yemək hazırlaya bilərəmsə, nəyə görə bişirməyə daha çox vaxt itirməliyəm. Mən həmin vaxtımı daha vacib işlərə sərf edə bilərəm".
Evdar xanım Nəcibə Sultanova isə deyir ki, tez hazırlanan şorbalardan və ya paketdə olan ədviyyatlardan bişirdiyi yeməyin dadlı alınması üçün istifadə edir: "Çox eşitmişəm ki, birdəfəlik şorbalar sağlamlıq üçün ziyandır. Amma onlara xüsusi tam, xoş ətir verən maddələr qatılır ki, yeməyə onları əlavə edən də dad qeyri-adi olur. Ailə üzvlərim belə süni qida və ədviyyatların tamına öyrəşiblər. Əks halda yemək onlara dadsız görünür".
Psixoloq Arzu Qurbanova hesab edir ki, belə süni qidalarda asılılıq yaradan əlavələr olur. "Bir müddət belə qidalarla qidalanan adamda onlardan asılılıq yaranır. Belə ki, süni qidalarda güclü dadverici və ətirverici vasitələrdən istifadə olunur", - deyən psixoloq diqqətə çatdırır ki, adi yemək hazırlayanda 4-5 dəqiqəyə onun ətri yayılmır: "Tez bişən lapşa, şorba və s. qidaları hazırlamaq üçün isə uzağı 5 dəqiqə lazım olur ki, bu vaxt bitməmiş yeməyin iyi ətrafa yayılır. Bununla da o, iştaha hissini də gücləndirir".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların tez hazırlanan qidalar haqqında az informasiyaları var. "İstehlakçılar bilməlidirlər ki, uzun müddət saxlanılan qidaların tərkibində çoxlu kimyəvi maddələr var. Qida uzun müddət saxlanılmamalıdır. Onlara çoxlu konservantlar, dadverici, qoxuverici, stablizatorlar qarışdırılır ki, uzun müddət saxlanılsın", - deyən AİB sədri bildirib ki, bütün dünyada quru, o cümlədən cəld hazırlanan qidaların hamısı istehlakçılar üçün arzuolunmaz qidalar hesab olunur.
Tez hazırlanan qidalara müxtəlif kimyəvi maddələrin əlavə olunduğunu təsdiq edən aşbaz Svetlana Tağıyeva bunun sağlamlıq üçün təhlükəli olduğunu deyir. "Təsəvvür edin ki, vitamin və enerjiyə ehtiyacı olan bədənimizi kimyəvi lazımsız elementlərlə doldururuq. Bunun nətincəsində orqanizm bütünlükdə stressə düşür. Tez hazırlanan qidaların əksəriyyətinin içərisində qlutamat natriya var ki, onun zərəri bütün dünyada sübut olunub. Bu səbəbdən də birdəfəlik qidanı almaq istəsəz, mütləq onun tərkibini oxuyun".
Qlutamat natriyanın dad gücləndirici maddə olduğunu deyən aşbaz əlavə edib ki, bu maddənin təsiri altında təkrarən həmin qidanı yemək istəyirsən: "Bu bir növ asılılıq yaradır. Belə qidadan isə mütəmadi istifadə müxtəlif mədə xəstəliklərinin yaranmasına şərait yaradır. Həmin maddə başqa təhlükəli xəstəlikərin yaradıcısı olduğu üçün xüsusilə hamilə və uşaqlara belə yeməkləri vermək olmaz".
S.Tağıyevadiqqətə çatdırır ki, tez hazırlanan qidalar piylənməyə də səbəb olur. "Belə qidalar tərkibindəki yağ və piylər, şəkər, duz, rəngləyici maddələr və digər kimyəvi maddələrə görə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Ümumilikdə dərinin tərəvəti və gözəlliyi də itir", - deyən aşbaz bu qidaların zərərini nəzərə alaraq onların istifadəyə yararlılıq müddətinə baxmağa çağırır: "Belə qidalarla diqqətli olmaq lazımdır. Adətən tez hazırlanan qidaların saxlanma müddəti 12 aydır. Bu da onların süni olduğunu bir daha sübut edir. Belə ki, təbii qidalar əgər qurudulmayıbsa, tez xarab olur".
Aylin Kamilova
Milli.Az