Moskvada generala qarşı sui-qəsd edilib

6 Fevral 2026 11:49

Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd Moskvanın şimal-qərbində törədilib, o, xəstəxanaya yerləşdirilib.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Rusiya Federasiyasının İstintaq Komitəsi Moskvanın şimal-qərbində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevin qətlə yetirilməsinə cəhd faktı üzrə Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi (qətlə cəhd), 222-ci maddəsinin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi) əlamətləri ilə cinayət işi açıb", - deyə o bildirib.

İstintaqın məlumatına görə, 6 fevral 2026-cı il tarixində Moskva şəhərində Volokolamsk şossesində yerləşən yaşayış binasında şəxsiyyəti hələ müəyyən edilməmiş şəxs bir kişiyə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

"Zərərçəkən şəhər xəstəxanalarından birinə hospitalizasiya olunub", - Petrenko qeyd edib.

Fidan
Milli.Az