"İdrak" liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə ciddi sual doğurub. Müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.
Milli.Az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, yeniyetmə və gənclərin aqressiv davranışlarının artmasının səbəbləri arasında internet oyunları və sosial medianın böyük rolu var.
Sosioloqun sözlərinə görə, uşaqların hələ psixoloji cəhətdən tam formalaşmadığı dövrdə "Roblox", "Mavi Balina" və digər internet oyunları vasitəsilə aqressiv nümunələrə məruz qalması onların davranış pozuntularına səbəb olur. Əlavə edib ki, bu oyunlarda uşaqlara özlərinə və ya başqalarına qarşı aqressiv hərəkətləri təşviq edən məzmunlar təqdim olunur ki, bu da uşaqlarda imitasiya və təqlid davranışını gücləndirir:
"Hadisələrin etiologiyası və xarakteri göstərir ki, bu, xarici ölkələrdə, xüsusilə Avropa və Amerika məktəblərində baş verən oxşar hallarla bağlıdır. Bullinq və ailədaxili münaqişələr uşaqlarda məktəb yoldaşlarına və müəllimlərə qarşı aqressiv davranışa gətirib çıxarır. Sosial şəbəkələr isə bu halları cəmiyyətə yansıdır və təsirini artırır. Müəllimin güllələnmə hadisəsi də, Avropa-Qərb ölkələrində eşitdiyimiz hadisədir".
Həmsöhbətimiz təklif edib ki, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır ki, belə qeyri-etik, əxlaqdankənar və davranış pozuntusuna səbəb olan paylaşımlar olmasın.
Sosioloq nəzərə çatdırıb ki, ölkədə 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun qəbul edilib və bu, valideynlərə, məktəb və ictimai qurumlara uşaqları neqativ təsirdən qorumaq imkanları yaradır. Lakin o, həm ailədə tərbiyə boşluqları, həm də məktəbdə didaktik və tərbiyəvi işlərin kifayət qədər həyata keçirilməməsinin də uşaqların aqressiv davranışına səbəb olduğunu qeyd edib:
"Bu onu göstərir ki, Z, Alfa və indi formalaşan Beta nəsli sosial şəbəkələr və internet resurslarının təsirində böyüyür və ailədən, məktəbdən əvvəl bu resurslar onların davranışına təsir göstərir. Ona görə də sosiallaşma institutları kimi internet və sosial şəbəkələrin uşaqlar üçün təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir".
Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Mina Mikayılova
Milli.Az