İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı - YENİLƏNİB - VİDEO

6 Fevral 2026 11:14

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.

Milli.Az xəbər verir ki, hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Milli.Az

-------------------

Saat - 10:30

Bakı şəhəri Ziya Bünyadov 3 (Keçmiş Karl Marks heykəli ilə üzbəüz) ünvanında yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Milli.Az