Azərbaycan "yaşıl vergi" siyasətini tətbiq edəcək?
8 Avqust 2012 19:54
Azərbaycanda ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərin beynəlxalq aləmdə tətbiq edildiyi şəkildə vergiyə cəlb olunması məsələsi aktuallaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayevin nazirliyin "Vergilər" qəzetində dərc edilən məqaləsində deyilir.
"Azərbaycanda ətraf mühitin çirklənməsi problemi çox aktualdır. Bu, ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması məsələsini aktuallaşdırır", - Musayev qeyd edib.
Onun sözlərinə görə, dünyanın bütün ölkələri ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə iqtisadi siyasət alətləri üzərində çalışırlar.
"Bu məqsədlə "yaşıl vergi" siyasəti formalaşdırılır. Ətraf mühitlə bağlı vergilər və tullantıların ticarət proqramları ən təsirli iqtisadi siyasət alətlərindəndir. Məsələn, İsveç atmosferə buraxdığı oksidləşmiş azotun miqdarı üzrə dünyada birinci yeri tutan ölkələrin sırasında idi. 1992-ci ildə bu tullantıya görə vergi tutulmağa başlandı və cəmi iki ildən sonra atmosferə buraxılan oksidləşmiş azotun miqdarı 1/3 qədər azaldı", - Musayev qeyd edib.
Onun sözlərinə görə, İsveçdən başqa, analoji vergilər Çin, Yaponiya, Koreya, İspaniya, İsveçrə, Böyük Britaniya və İsraildə uğurla tətbiq edilib.
"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) apardığı araşdırmalar göstərir ki, iqtisadi siyasət alətlərindən düzgün istifadə etdikdə 2020-ci ilədək inkişaf etmiş ölkələrdə atmosferə buraxılan qaz tullantılarının həcmini 20 faiz aşağı salmaq olar. Yalnız bu amillərin hesabına ümumi daxili məhsulu 2 faiz artırmaq mümkündür", - Musayev qeyd edib.
Milli.Az