Dünya liderləri ilə gərgin mübahisələri ilə tanınan ABŞ Prezidenti Donald Tramp Salvador Prezidenti Nayib Bukeleni "ən sevdiyi insanlardan biri" adlandırıb. Tramp xüsusilə Bukelenin cinayətkarlığa qarşı tətbiq etdiyi sərt metodları və böyük həbsxanalar sistemini yüksək qiymətləndirib.
Milli.Az xəbər verir ki, Tramp bildirib ki, Bukele Salvadoru dünyanın ən təhlükəli ölkələrindən birindən ən təhlükəsiz yerinə çevirməyi bacarıb. ABŞ lideri qeyd edib ki, Bukelenin tikdirdiyi nəhəng həbsxana kompleksləri sayəsində minlərlə ağır cinayətkar küçələrdən təmizlənib.
Tramp özünəməxsus üslubda konkret rəqəm çəkərək qeyd edib: "Orada 11 888 qatil var idi və onların əksəriyyəti hazırda onun həbsxanalarındadır. Bukele möhtəşəm bir iş görür". O, həmçinin vurğulayıb ki, ABŞ-də yaxalanan bəzi ağır cinayətkarlar, narkotik alverçiləri və qatillər məhz El Salvadora göndərilir.
Bukelenin insan haqlarını pozduğuna dair beynəlxalq tənqidlərə toxunan Tramp bildirib: "Bəziləri onun üçün 'həyatımda gördüyüm en qəddar adam' deyəcək. Amma mən bunu deməyəcəyəm". Bununla Tramp təhlükəsizliyin təmin edilməsinin liberal hüquq müzakirələrindən daha üstün olduğunu qeyd edib.
Bu əməkdaşlığın bir hissəsi kimi, Salvador ABŞ-dən deportasiya edilən və ya ABŞ üçün təhlükə yaradan cinayətkar qruplaşma üzvlərini (xüsusilə MS-13 dəstəsi) qəbul etməyi öhdəsinə götürüb. Tramp bu addımın ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünür.
Lalə Qüdrətova
Milli.Az