“Hamilə olduğum üçün toy etmədik, abır etdim”

5 Fevral 2026 17:23

Müğənni Arzuxanım verdiyi səmimi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, onun şəxsi həyatı ilə bağlı etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Arzuxanım bildirib ki, hamilə olduğu üçün toy mərasimi keçirməyib və bunun səbəbini abır-həya məsələsi ilə izah edib:

"Hamilə olduğum üçün toy etmədim. Abır-həya yaxşı şeydir. Amma rəsmi nikahım var. Mənim də, həyat yoldaşımın da ilk evliliyidir, həmçinin bu, hər ikimizin ilk övladıdır. Əsas olan da budur".

Müğənni həyat yoldaşı ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi insanların düşündüyünün əksinə olaraq, yoldaşı evli olmayıb.

Sənətçi hamiləlik dövründə də sadə üsluba üstünlük verdiyini qeyd edib:

"Hamiləlik müddətində heç vaxt bunu göstərəcək paltarlar geyinmədim, belə şeyləri sevmirəm. İnşallah, toyu övladımıza edərik".

Arzuxanım oğlunun adını da ilk dəfə açıqlayıb. O, bildirib ki, körpəsinin adı Atilladır və bu adı illər əvvəl arzulayaraq seçib.

Müğənninin səmimi etirafları izləyicilər tərəfindən maraqla qarşılanıb və müxtəlif fikirlərin səslənməsinə səbəb olub.

Musa
Milli.Az