"Müasir bank sistemləri hər bir insanı yeni köləlik modelinə çevirmək istəyir. Siz daim olaraq borc içində yaşayasınız. Yəni, eviniz kreditdən olsun, maşınız kredit olsun, telefonunuz kredit olsun. Bu, ABŞ də keçən əsrin ortalarından başlayan bir tendensiyadır və bizə də gəlib çatıb".
Milli.Az-ın məlumatına görə, bu sözləri iqtisadçı Fərhad Pərvizi deyib.
"Bizdə də insanlar xeyli borc içindədir. Borc içində olarkən investisiya barədə düşünmək mümkün deyil. Mən hər zaman deyirəm ki, ayağınızı yorğanınıza görə uzadın, lazımsız borclardan uzaq durun".
İqtisadçı xüsusilə gənclərə ipoteka ilə ev alarkən diqqətli olmağı tövsiyə edib:
"Mən anlayıram ki, bu gün nağd pulla ev almaq çətindir. Ev almaq üçün ipotekaya gedirsinizsə, minimum sahə, minimum xərclərlə, maksimum 15 ilə bağlayın. Belə ki, 20 yaşınızda başladığınız ipotekadan 35 yaşınızda tam azad olun. Böyük ev almağa, çox borc yığmağa ehtiyac yoxdur".
İqtisadçı artıq borc içində olanlar üçün praktiki çıxış yolu kimi, borcların prioritetləşdirilməsi metodunu təklif edib:
"Ən balaca borcdan başlayın, onu bağlayın. Bu kiçik uğur sizi növbəti borcu bağlamağa ruhlandıracaq. Aylıq xərclərdə istəklərlə ehtiyaclar arasında dəqiq fərqi bilin. Yeni borc götürməkdən çəkinin, çünki bu, sizi daha da kölələşdirir".
Ekspert Azərbaycanda kredit limitlərinə nəzarətin gücləndirilməsini yəni, maaşın 5 mislindən artıq kredit verilməməsinin müsbət addım kimi qiymətləndirib:
"Bəziləri deyir ki, bu, həyat keyfiyyətimizi aşağı salır. Xeyr, bu əslində sizin xeyrinizədir".
Mina Mikayılova
Milli.Az