2025-ci ilin ölkəmizdə hüquq, ədalət və suverenlik ili kimi qeyd olunması hüququn dövlətçilik sistemimizdə tutduğu yeri bir daha ön plana çıxardı. Hüquq təkcə normativ aktlar toplusu deyil.
Milli.Az xəbər verir ki, bu fikirləri "PAŞA Holding" MMC-nin Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova bu gün Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
"Hüquq suverenliyin və hüquqi dövlətin əsas sütunlarından biridir. "Legis" konsepsiyası ilk gündən bir günlük tədbir kimi nəzərdə tutulmayıb. Məqsədimiz Azərbaycan hüquq icmasını dəstəkləyən, onun davamlı inkişafını təmin edən bir platforma yaratmaq olub. Bu yanaşma ilə biz artıq bir sıra konkret addımlar atmışıq", - Aytac Qasımova qeyd edib.
"PAŞA Holding" rəsmisi bildirib ki, Türkiyənin aparıcı hüquq və biznes qurumları ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb, təcrübələr bölüşülüb:
"Türkiyənin müxtəlif bölgələrində hüquq sahəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanmış və imkanlarımız daxilində dəstək göstərməyə çalışmışıq. Paralel olaraq Azərbaycanda müvafiq dövlət qurumları və hüquq ictimaiyyəti ilə əlaqələr qurub, "Legis" təşəbbüsünün davamlılığı və inkişafı üçün hansı institusional addımların atılmalı olduğu barədə müzakirələr aparmışıq.
Bu görüşlər nəticəsində aydın oldu ki, hüquq icmasının ehtiyacları yalnız lokal təşəbbüslərlə qarşılanmamalıdır. Daha geniş və sistemli mexanizmə ehtiyac var. Məhz bu ehtiyacdan çıxış edərək "Legislation" layihəsi formalaşdı. Bu layihə beynəlxalq təcrübəyə və xüsusi biliklərə malik hüquq mütəxəssislərinin qanunvericilik ideya və təşəbbüslərini müvafiq dövlət qurumlarına çatdıran real mexanizm rolunu oynayacaq. Legis komandası olaraq biz biznes subyektlərini və hüquq icmasını narahat edən məsələləri toplayaraq aidiyyəti dövlət qurumlarına təqdim etməyi hədəfləyirik".
O vurğulayıb ki, bütün akademik standartlara cavab verən, lakin oxunaqlı və elmi-populyar formatda hazırlanan "Legis" jurnalı da ərsəyə gətirilib:
"Jurnal min nüsxədən artıq tirajla çap olunub və bu gün sizə təqdim edilir. Ümid edirik ki, bu nəşr gələcək illərdə də davamlı şəkildə işıq üzü görəcək. Jurnalda dəyərli hüquqşünasların və alimlərin məqalələri, müsahibələri, eləcə də "Legis 2025" çərçivəsində müzakirə olunan əsas mövzular əks olunub.
Gənc hüquqşünasların motivasiyası bizim üçün hər zaman prioritet məsələ olub. Bu məqsədlə beynəlxalq akademik və hüquqi yazı standartlarına uyğun, şəffaf və ədalətli meyarlarla təşkil olunan esse müsabiqəsi elan etdik. Seçim prosesi zamanı yüksək analitik düşüncəyə malik, dərin məzmunlu və keyfiyyətli yazılarla qarşılaşdıq. Bu gün həmin müsabiqənin qaliblərini mükafatlandıracağıq".
A.Qasımova qeyd edib ki, müsabiqə qaliblərindən birinin məqaləsinin "Legis" jurnalında dərc olunması xüsusi dəyər daşıyır.
""Bilik paylaşıldıqca artır" prinsipini əsas tutaraq mentorluq proqramını da həyata keçirmişik. Hazırda bu proqram çərçivəsində doqquz iştirakçı fəaliyyət göstərir. Bu iştirakçılar qrup daxilində təcrübəli mentorların rəhbərliyi ilə xüsusi inkişaf proqramlarından keçiblər. Gələcəkdə bu platformanı daha da genişləndirməyi, kənardan yeni mentorlar və təcrübəli mütəxəssisləri cəlb etməyi planlaşdırırıq. Biz bu nöqtədə dayanmaq niyyətində deyilik. 2026-cı ildə yeni layihələrimizi genişləndirməyi, əməkdaşlıqlarımızı zənginləşdirməyi və hüquq icmasına daha geniş dəstək verməyi qarşıya məqsəd qoymuşuq. Bu təşəbbüslərin reallaşmasında bizə strateji dəstək göstərən bütün tərəfdaşlara, xüsusilə rəhbərlik səviyyəsində etimad və baxış dəstəyi verən qurumlara dərin təşəkkürümü bildirirəm. Bu dəstək təkcə resurs deyil, həm də inam və uzunmüddətli baxış deməkdir ki, bu da bizim üçün son dərəcə önəmlidir".
Milli.Az