Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmin Araşdırılması İdarəsi (DIICOT) Dubayın vəliəhdi kimi təqdim edilən nigeriyalı tərəfindən rumıniyalı iş adamına qarşı törədilən 2,5 milyon dollarlıq dələduzluq hadisəsi ilə bağlı cinayət işi açıb.
Milli.Az xəbər verir ki, agentliyin açıqlamasında bildirilir ki, araşdırma xüsusilə ağır nəticələrə səbəb olan cinayətkar qruplaşmanın təşkili və fırıldaqçılıq fəaliyyətlərinə yönəlib.
Müstəntiqlər bildirib ki, fırıldaqçılar qurbanı humanitar fondlara investisiya qoymağa inandırıblar. Dubay şahzadəsi ilə əməkdaşlıq etdiyinə əmin olan qadın saxta hesaba 2,5 milyon dollardan çox pul köçürüb. Pul köçürmək üçün iş adamı bank kreditlərindən, şirkətin vəsaitlərindən istifadə edib və hətta evini girov qoyub.
Rumıniya mediasının məlumatına görə, saxta şahzadə əslində Henri Eke adlı nigeriyalı fırıldaqçıdır. O, qurbanlarını aldatmaq üçün saxta şəxsiyyətlər, uydurma banklar, maliyyə məsləhətçiləri, eləcə də romantik vədlər və evlilik təklifləri ilə mürəkkəb bir sxemdən istifadə edib.
Fidan
Milli.Az