ABŞ-ın Məşğulluqda Bərabər İmkanların Təminatı üzrə Federal Komissiyası (EEOC) ağdərili əməkdaşlara qarşı ayrı-seçkilik iddiaları ilə əlaqədar olaraq Amerikanın Nike şirkəti barəsində araşdırmaya başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunan açıqlamada yer alıb.
Sənədə əsasən, komissiyaya Nike şirkətində ağdərili əməkdaşlara qarşı sistemli "irqi diskriminasiya"nın mövcud olması ilə bağlı şikayətlər daxil olub. Bununla əlaqədar komissiya ABŞ-ın Missuri ştatında yerləşən federal dairə məhkəməsi vasitəsilə şirkətdən işçilərin irqi və etnik mənsubiyyətinin necə nəzərə alındığına dair hesabatlar təqdim etməyi tələb edib. Bu hesabatlara işdən azad edilmə, vəzifədə irəli çəkilmə və müxtəlif ödənişlərin hesablanması zamanı qəbul edilən qərarlar da daxildir. Nike şirkəti idman geyimi və ayaqqabılarının iri istehsalçılarından biridir.
Komissiyanın sədri Andrea Lukas bildirib ki, şirkətdə "müxtəliflik, bərabərlik və inklüzivlik" proqramlarının federal irqi diskriminasiya qadağalarını poza biləcəyinə dair "inandırıcı sübutlar" mövcuddur. O, bu məsələ ilə bağlı "hərtərəfli araşdırma" aparılacağını vurğulayıb.
Qeyd edək ki, sözügedən federal komissiya ABŞ-da işə qəbul zamanı hər hansı əlamətə görə ayrı-seçkiliyin yolverilməzliyini nəzərdə tutan qanunlara əməl olunmasına nəzarət edir.
Ayxan
Milli.Az