Prokurorluq orqanlarında süni intellekt texnologiyalarından da istifadə edilməyə başlanıb.
Milli.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Legis" Hüquq Forumunda çıxışı zamanı deyib.
K.Əliyev bildirib ki, artıq ötən ilin sonlarından etibarən süni intellekt vasitəsilə daxil olan müraciətlərin aidiyyəti müəyyən edilir və sənədin baxılması üçün hansı şəxsə göndərilməsi ilə bağlı süni intellekt tərəfindən təklif verilir.
"Bununla yanaşı cinayət işlərinin istintaqı zamanı köməkçi rolunu oynaya biləcək modelin tətbiqi, habelə prokurorluq orqanlarına daxil olan vətəndaş zənglərinin əməkdaşların nəzarəti ilə cavablandırılması kimi süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlər görülməkdədir.
Eyni zamanda açıq şəkildə vurğulamaq lazımdır ki, süni intellekt insanı əvəz etmir və əvəz edə bilməz, əksinə hüquqşünasın qərarvermə prosesini dəstəkləyən, onu daha obyektiv və səmərəli edən bir vasitədir.
Süni intellekt tətbiqinin müsbət nəticələri yanaşı, bu sahədəki müəyyən riskləri də nəzərə almaq lazımdır.
Əsas məsələ bu sahədə, yəni süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqədar hüquqi tənzimləmənin olmamasıdır. Xüsusən də məsuliyyət məsələləri ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hər hansı səhv qərara, məsləhətə və ya hərəkətə görə süni intellektin istehsalçısı yoxsa istifadəçi məsuliyyət daşıyır".
Milli.Az