Hindistandan ölkəmizə gələn turistlərin sayı azalacaq - SƏBƏB

5 Fevral 2026 11:15

Hindistanın "IndiGo" aviaşirkətinin regionda baş verən hadisələrə görə təhlükəsizlik səbəbindən fevralın 28-dək ölkəmizə uçuşları ləğv etməsi Hindistandan Azərbaycana gələn turist axınına mənfi təsir göstərəcək.

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Hindistan Azərbaycan turizmi üçün böyük və əhəmiyyətli bazarlardan biridir.

Onun sözlərinə görə, "IndiGo" aviaşirkətinin uçuşları təxirə salması Hindistandan ölkəmizə gələn turistlərin sayının azalmasına səbəb olacaq.

"Eyni zamanda digər Asiya ölkələrindən olan turistlər də "IndiGo" aviaşirkəti vasitəsilə tranzit olaraq Bakıya gəlir, buradan isə başqa ölkələrə səfər edirdilər. Bu reyslərin müvəqqəti dayandırılması tranzit sərnişin axınına da təsir göstərəcək. Yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır və növbəti aydan etibarən müntəzəm uçuşların bərpası nəzərdə tutulur".

Turizm eksperti Xəyyam Fuadlı bildirib ki, uçuşların ləğv edilməsi Hindistandan ölkəmizə gələn turist axınına mənfi təsir göstərəcək.

"Bu qərar Hindistandan birbaşa və tranzit reyslər vasitəsilə Azərbaycana səfər edən turistlərin sayının müvəqqəti azalmasına səbəb olacaq. Hindistan Azərbaycan turizmi üçün mühüm və perspektivli bazarlardan biri hesab olunduğundan, uçuşların dayandırılması turizm şirkətlərinin satışlarına, hotellərin doluluq səviyyəsinə və ümumi turist axınına təsirsiz ötüşməyəcək. Eyni zamanda "IndiGo" aviaşirkəti ilə Asiyanın digər ölkələrindən Bakıya tranzitlə gələn sərnişin axınında da azalma müşahidə oluna bilər. Bu vəziyyət qısamüddətlidir və təhlükəsizliklə bağlı risklər aradan qalxdıqdan sonra uçuşların bərpası ilə Hindistandan Azərbaycana turist axınının yenidən əvvəlki səviyyəyə çatacağı gözlənilir.

Qeyd edək ki, ölkəmizə gələn turistlərin sayına görə, Hindistan Rusiya Federasiyası və Türkiyədən sonra üçüncü yerdədir. 

Ayxan
Milli.Az