Epşteynin ölümünə dair yeni görüntülər yayıldı - FOTO

4 Fevral 2026 16:52

Pedofiliya, insan alveri və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilən, 2019-cu ildə saxlanıldığı kamerada ölü tapılan keçmiş amerikalı biznesmen Ceffri Epşteynə aid yeni görüntülər üzə çıxıb.

Milli.Az xəbər verir ki, "Nyu York Post"un yazdığına görə, Epşteyn 2019-cu il avqustun 10-u səhər saatlarında kamerada asılmış vəziyyətdə aşkarlanıb. Nəzarətçilər onu tapdıqdan sonra dərhal təcili tibbi yardım çağırıblar. Epşteyn xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, nəzarətçilərdən biri həmin anların fotosunu çəkib və bu görüntülər sonradan "Epşteyn işi" çərçivəsində məxfilikdən çıxarılan sənədlər arasında yer alıb. Fotolarda onun boğazında qırmızı izlərin olduğu görünür.

Bildirilir ki, Epşteyn ölümündən bir gün əvvəl, avqustun 9-da məhkəməyə çıxarılıb. Həmin gün kamera yoldaşının həbsxanadan ayrıldığı və Epşteynin tək qaldığı qeyd olunur. Axşam saatlarında onun naməlum şəxsə zəng edərək təxminən 20 dəqiqə danışdığı da sənədlərdə yer alıb.

Avqustun 10-u saat 06:33-də həbsxanada həyəcan siqnalı verilib, Epşteynin intihar etdiyi bildirilib. Ölüm faktı isə səhər saat 07:36-da rəsmi şəkildə təsdiqlənib.

Milli.Az