İrandan Azərbaycana 63 kiloqram 805 qram narkotik vasitə olan marixuana keçirən şəxs bəraət alıb.
Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, Dağıstan vətəndaşı, 1961-ci il təvəllüdlü Həsən Həmzələəliyev uzun illər beynəlxalq yükdaşıma ilə məşğul olub. O, Sumqayıt şəhəri, Yaşma bağları ərazisində "Linkoil-İ MMC"-yə məxsus otaqda müvəqqəti məskunlaşıb və əsasən Rusiya-İran marşrutu üzrə yük daşıyıb. Bir müddət əvvəl o, sifariş əsasında Rusiyadan İrana yük aparıb. Yükü boşaltdıqdan sonra o, İrandan Rusiyaya aparmaq üçün yük axtarıb və iranlı bir maklerin vasitəsilə Rusiyaya bir maşın kahı yükü tapıb. O, mal sahibi ilə razılığa gəlib və yüklər "Volvo" markalı yük avtomobilinə yüklənilib.
Həsən Həmzələəliyev idarə etdiyi avtomobillə İrandan Azərbaycana, Azərbaycandan isə Rusiyaya getmək üçün yola çıxıb. O, İran sərhədindən problemsiz keçsə də, Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara gömrük postunda saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, kahı yükü kimi maşına yüklənən 22 karton qutusunun 4-də narkotik vasitə olan marixuana var. Avtomobilin yükü boşaldılıb və qutular açılıb. Nəticədə həmin dörd qutudan 76 ədəd bağlamalarda ümumi çəkisi 63 kiloqram 805 qram marixuana aşkar edilərək götürülüb və sürücü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Həsən Həmzələəliyevin həmin yükün içərisindən xəbəri olmayıb və narkotik vasitələr İran vətəndaşı tərəfindən gizli üsulla yükün içərisinə yerləşdirilib. Prosesdə sürücünün təqsirsizliyi sübuta yetirilib və ona bəraət verilib.
Milli.Az