Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Rasim Məmmədov 1 iyun 1950-ci ildə anadan olub. 1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə Fizika fakültəsi nəzdində "Radiofizika" ixtisası üzrə aspiranturaya daxil olub. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə professor elmi adı alıb. 1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.
Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədar olub. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir. 2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. Rasim Məmmədov 1999-cu ildə "Tərəqqi", 2019-cu ildə isə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.
Milli.Az
