Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barəsində hökmdən apellyasiya şikayəti hakim icraatına verilib.
Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadla bağlı iş materialı bu gün Bakı Apellyasiya Məhkəməsinə daxil olub.
Şikayət araşdırılması üçün hakim Əfqan Ələkbərovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Milli.Az