Yol qırağından nəsə alanda 2 dəfə düşünün - Hinduşka adı ilə toyuq satırlar

5 Fevral 2026 14:32

"Yol kənarında satılan, xüsusilə də saatlarla açıq havada qalan qida məhsullarının alınması ciddi sağlamlıq riskləri yaradır".

Bunu Milli.Az-a açıqlamasında qida eksperti Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu cür satışlar zamanı məhsulların saxlanma və gigiyenik tələblərinə əməl edilmir ki, bu da qida zəncirinin pozulmasına səbəb olur:

"Yol kənarında uzun müddət qalan məhsullarda qida zənciri pozulur, rəng və qoxu dəyişiklikləri baş verir. Bu isə kütləvi qida zəhərlənmələrinə yol aça bilər".

Qida eksperti nəzərə çatdırıb ki, bəzi işbaz satıcılar yumurtlama dövrünü başa vurmuş, əti bərkimiş anaş toyuqları iri ölçülərinə görə "hinduşka" və ya başqa adlarla təqdim edərək daha baha qiymətə satırlar və alıcıları aldadırlar.

A. Salamov əlavə edib ki, avtomobillərin intensiv hərəkət etdiyi ərazilərdə açıq şəkildə satılan toyuq, balıq və digər məhsullar havadakı virusları, bakteriyaları və zərərli maddələri özünə çəkir ki, bu da infeksiya riskini daha da artırır.

Ekspert vətəndaşlara məhsulları yalnız mənşəyi məlum olan, baytar nəzarətindən keçmiş satış məntəqələrindən almağı tövsiyə edb:

"Kənd yerlərində göz önündə kəsilərək satılan məhsullar isə nisbətən daha etibarlı hesab oluna bilər".

Mina Mikayılova
Milli.Az