Onlayn yemək sifarişlərində tez-tez rast gəlinən hallardan biri də kuryerin ünvanı tapmasına baxmayaraq, sifariş verən şəxsin zənglərə cavab verməməsidir.
Milli.Az-ın məlumatına görə, belə bir vəziyyətlə qarşılaşan kuryerlərdən biri müştəri ilə arasında keçən dialoqu sosial şəbəbəkədə paylaşıb.
Belə ki, kuryer sifarişi çatdırıb, müştəriyə zəng etsə də, zənglər cavabsız qalıb. Kuryer bildirib ki, başqa şəxslərin sifarişini çatdırılmalı olduğum üçün yeməyi mühafizəyə təhvil verib gedirəm. Təxminən bir saat sonra isə müştəri yazıb ki, zəngi eşitməmişəm. Bundan sonra o, pulunun qaytarılmasını tələb edib.
Bəs, bu halda haqlı olan tərəf kimdir? Qanun nə deyir?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən hüquqşünas Araz Nurməmmədova bildirib ki, bu vəziyyətdə haqlı tərəf kuryerdir.
Onun sözlərinə görə, tərəflər arasında həm alqı-satqı, həm də xidmət göstərilməsi ilə bağlı müqavilə mövcuddur və əsas məsələ kuryerin öz öhdəliyini yerinə yetirib-yetirməməsidir:
"Kuryer şirkəti və ya restoran öz üzərinə düşən öhdəliyi yerinə yetirib, yəni yemək vaxtında ünvana çatdırılıb. Kuryer müştəriyə zəng edib, lakin zənglər cavabsız qalıb".
Hüquqşünas qeyd edib ki, kuryer zəng etdiyini zəng siyahısı ilə sübut edə bildiyi halda, müştərinin "zəngi eşitməmişəm" arqumenti onu haqlı tərəf etmir:
"Zəng gəlib, sadəcə eşitməyibsə, bu artıq müştərinin subyektiv səbəbidir və hüquqi baxımdan əsas sayıla bilməz".
A. Nurməmmədov vurğulayıb ki, alıcının malı qəbul etmək üçün müəyyən edilmiş vaxtda ünvanda olmaması alıcının gecikməsi hesab olunur. Bu halda isə kuryer malın itməsi və ya xarab olması ilə bağlı heç bir məsuliyyət daşımır:
"Yemək tez xarab olan məhsul olduğu üçün onun geri qaytarılması risklidir. Kuryerin yeməyi mühafizəçiyə təhvil verməsi isə ən təhlükəsiz qərar olub və onun yaxşı niyyətini göstərir".
Hüquqşünas nəzərə çatdırıb ki, belə vəziyyətdə pulun qaytarılması restoran və ya sahibkar üçün əsassız zərər deməkdir:
"Əgər pul qaytarılarsa, bu müştərinin əsassız varlanması ilə nəticələnə bilər. Müştərinin pulu tələb etməyə qanuni əsası yoxdur. Yemək çatdırılıb və mühafizədədir. Yeməyin soyuması və ya artıq istifadə olunmaması müştərinin öz səhlənkarlığının nəticəsidir və bu, onun subyektiv məsuliyyəti sayılır".
Mina Mikayılova
Milli.Az