Almaniyanın Münster şəhər məhkəməsində azərbaycanlı Elnur.D-nin cinayət işinə baxılır. Müttəhim həyat yoldaşını öldürməyə cəhddə günahlandırılır.
Milli.Az Almaniya mediasına istinadən xəbər verir ki, cinayət işi təkcə ailədaxili zorakılıq faktı deyil, eyni zamanda deportasiya qorxusunun, sosial çöküşün və nəzarət itkisinin necə ölümcül nəticələrə gətirib çıxara bildiyini göstərən ağır bir nümunədir. Azərbaycan vətəndaşı Elnur D. on dörd illik nikahdan sonra ayrıldığı, özündən 9 yaş böyük həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunur.

İstintaq materiallarına görə, ayrılıqdan sonra 38 yaşlı Elnur D.-nin Almaniyada qalmaq hüququ faktiki olaraq sona çatırdı. İşsiz, alkoqoldan asılı həyat tərzi sürən kişi üçün deportasiya təkcə ölkəni tərk etmək demək deyildi. Bu, ailənin dağılması, uşaqlardan uzaq düşmək və Almaniyada qurduğunu düşündüyü həyatın birdəfəlik bitməsi anlamına gəlirdi. Prokurorluq hesab edir ki, məhz bunlar onun psixoloji vəziyyətini daha da kəskinləşdirib və zorakılıq qərarını sürətləndirib.
Ötən il sentyabrın 10-da tərəflər sonuncu dəfə birlikdə alış-verişə gediblər. Kənardan baxan üçün bu, ayrılan cütlüklər arasında nadir hallarda rast gəlinən sakit bir ünsiyyət təsiri bağışlaya bilərdi. Lakin sonradan məlum olub ki, kişi qadının aldığı məişət əşyaları gizli şəkildə geri qaytarıb və onların yerinə bıçaqlar alıb. Prokurorluq bu detalı təsadüfi yox, deportasiyaya bir gün qalmış atılan şüurlu addım kimi qiymətləndirir.

Alış-verişdən sonra 47 yaşlı qadın avtobus dayanacağına yollanıb. Orada, insanların gözündən uzaq bir anda, yaxınlıqdakı qarğıdalı sahəsinə girib. İstintaqın versiyasına görə, Elnur D. onu izləyib və hücum məhz orada baş verib. Əri qarğıdalı sahəsində qadının kürəyinə, ayaqlarına və qarnına çoxsaylı bıçaq zərbələri endirdiyi iddia edilir. Elnur hadisədən bir gün sonra özü polisə təslim olub.
Təqsirləndirilən şəxs vəkili vasitəsilə də motivlərini açıqlayıb. Cinayətdən sonrakı gün Elnur Azərbaycana qayıtmalı imiş. O, bundan və həyat yoldaşının onun getməsini xoş qarşılamasından məyus olub. Dövlət ittihamçısı bildirir ki, kişi ayrılığa görə qadını cəzalandırmaq, eyni zamanda onun deportasiyaya sevinəcəyini düşündüyü üçün qisas almaq istəyib.

Ağır yaralanan qadın son anda sağ qalmağı bacarıb. O, son gücünü toplayaraq yola doğru sürünüb. Təsadüfən yoldan keçən bir sürücü yaralını görüb və xəstəxanaya çatdırıb. Həkimlər 6 saat davam edən əməliyyatla qadının həyatını xilas ediblər. Məhkəmə-tibb ekspertlərinin sözlərinə görə, bu cür yaralanmalar çox vaxt ölümlə nəticələnir və zərərçəkmiş möcüzə nəticəsində sağ qalıb.
Prokurorluq hadisədə bir neçə ağırlaşdırıcı halın mövcud olduğunu bildirir. Onların fikrincə, hücum qəfil olub, əvvəlcədən planlaşdırılıb və əsas motiv deportasiya fonunda ailə üzərində nəzarətin itirilməsi ilə bağlıdır. Dövlət ittihamçısı həmçinin iddia edir ki, Elnur D. qadının sağ qalmayacağını düşünərək qadının əşyalarını (bank kartını və mobil telefonunu) götürüb və hadisə yerini tərk edib. Bu isə cinayətin daha ağır hüquqi çərçivədə qiymətləndirilməsinə səbəb olur.
Təqsirləndirilən şəxs məhkəmədə susmağı seçib. Vəkili vasitəsilə oxunan qısa bəyanatda hücum faktı etiraf edilir, lakin əvvəlcədən planlaşdırma və qarət niyyəti inkar olunur. Açıqlamada kişinin özünü cəmiyyətdə dəyərsiz hiss etdiyi, deportasiya qorxusu yaşadığı və ailəsinin dağılmasını qəbul edə bilmədiyi vurğulanır. Prokurorluq isə bu arqumentlərin cinayəti yüngülləşdirmədiyini bildirir.
Zərərçəkmiş qadın prosesdə ifadə vermək istəməyib. Onun vəkili psixoloji vəziyyətinin ağır olduğunu deyib və uşaqların təhlükəsizliyi baxımından məhkəmənin qapalı keçirilməsini tələb edib. Lakin hakimlər bu vəsatəti qəbul etməyiblər.
Bu iş Almaniyada ailədaxili zorakılıqla yanaşı, deportasiya qərarlarının bəzi hallarda necə təhlükəli psixoloji gərginlik yaratdığını da gündəmə gətirib. Məhkəmə prosesi davam edir. Əgər günahı sübut olunarsa, Azərbaycan vətəndaşı olan Elnur D.-ni Almaniya qanunvericiliyinə görə ən yaxşı halda 15 il, pis halda isə ömürlük həbs cəzası gözləyir. Hökmün martın ortalarında elan olunacağı gözlənilir. Deportasiya məsələsi artıq məhkəmə hökmündən sonra hüquqi anlamını itirəcək./Bakupost.az
Milli.Az