Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Bundan başqa, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur".
Baş Dövlət Yol Polisi İdarəsi isə sürücülərə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.
Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.
Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Milli.Az