“Gürcüstan Milli Muzeyinin İslam incəsənəti kolleksiyası və İrəvan Sərdar sarayındakı dəzgah boyakarlığı əsərləri” mövzusunda mühazirə - FOTO

2 Fevral 2026 16:42

Azərbaycan Milli İncəsənət Muzeyində Gürcüstan Milli Muzeyinin baş kuratoru, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru İrina Koşoridzenin təqdimatında "Gürcüstan Milli Muzeyinin İslam incəsənəti kolleksiyası və İrəvan Sərdar sarayındakı dəzgah boyakarlığı əsərləri" mövzusunda mühazirə keçirilib.

"Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi" sərgisinin bağlanış mərasimi çərçivəsində təşkil olunan mühazirədə Gürcüstan Milli Muzeyinin kolleksiyasında qorunub saxlanılan İslam incəsənəti nümunələri haqqında ətraflı bəhs edilib. Bu əsərlərin texniki və üslubi xüsusiyyətləri, regionun tarixi-mədəni kontekstində tutduğu yer diqqətə çatdırılıb.

Eyni zamanda, vaxtilə İrəvan Sərdar sarayında mövcud olmuş və dövrün saray mədəniyyətini əks etdirən dəzgah boyakarlığı əsərləri müzakirə obyektinə çevrilib. Sərgidə nümayiş olunan sözügedən portretlərin bədii-estetik xüsusiyyətləri, ikonografiyası, texniki icra üsulları və Qafqaz regionunun incəsənət tarixindəki əhəmiyyəti muzey materialları əsasında təqdim edilib.

Mühazirə zamanı İrina Koşoridzenin həmmüəlliflərindən biri olduğu "Mirzə Qədim İrəvani: zamanların qovşağında" kitabı ətrafında da müzakirələr aparılıb. Nəşrdə Gürcüstan Milli Muzeyində qorunan və İrəvan Sərdar sarayına aid ədəbi qəhrəmanları əks etdirən iki portret üzərində aparılmış yeni atribusiyalar xüsusi olaraq vurğulanıb. Mühazirə geniş diskussiya və auditoriyanın suallarının cavablandırılması ilə yekunlaşıb.

Tədbir çərçivəsində quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına həsr olunmuş "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib.

Mühazirə və film nümayişi sənətkarın yaradıcılığını mədəni-tarixi kontekstdə bir daha ön plana çıxararaq "Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi" sərgisinin bağlanışını məzmunlu və yaddaqalan elmi-mədəni  hadisə kimi tamamlayıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az