Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.
Milli.az "Report"a istinadən məlumatına görə, kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyev qardaşının azyaşlı övladlarına - 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum edib
Nəticədə hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs spirtli içkinin təsiri altında olub. O, hadisədən sonra küçəyə çıxaraq qonşularına qardaşının övladlarına xəsarət yetirdiyini bildirib. Yaralılar qonşular tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun qardaşı Hüseyn Nağıyevin müalicəsi isə davam etdirilir.
Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Bildirilir ki, iki qardaş eyni həyətdə, eyni ünvanda yaşayırmış.
Cinayəti törətməkdə şübhəli bilinən Əli Nağıyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun əvvəllər bir neçə dəfə məhkum olunduğu, həmçinin bir müddət Dağıstanda işlədiyi bildirilir.
Milli.Az