Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, cinayət işinin icraatı DİN-in nəzarətindədir.
Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər - Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Qeyd edək ki, Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.
Milli.Az