Müğənni Asif Məhərrəmovun üzləşdiyi dələduzluğun detalları məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bildirib ki, Binəqədi rayonunun Novxanı qəsəbəsində ev tikmək üçün torpaq sahəsi alıb:
"Torpaq sahəsində "A-Frame" (A şəklində) tipli ev inşa etdirmək istəyirdim. Maklerlərdən biri məni Anar Məmmədəliyev adlı şəxslə tanış etdi. Dedilər ki, həmin şəxsin tikinti şirkəti var. Həmin şəxslə danışdıq, müqavilə bağladıq. Müqaviləyə görə, üç ay müddətində mənə torpaq sahəmdə ev və hovuz tikib təhvil verməli idi. Müqavilənin müddəti üç ay olsa da, müddətdən yeddi ay keçdi, amma ev hazır olmadı. Sonradan evi yarımçıq götürdüm.
Evin və hovuzun inşası üçün 46 min manat ödəmişdim. O, evi tiksə də, hovuzda problem yarandı. Məlum oldu ki, hovuz betonsuz tikilib. Mən ona təklif etdim ki, hovuzu yenidən inşa etdirsin. O isə bildirdi ki, hazırda o qədər pulu qalmayıb. Mən ona bildirdim ki, hovuzu mən öz vəsaitim hesabına inşa etdirim, sonra mənim pulumu hissə-hissə qaytarsın. Razılaşdı və mən hovuzu yenidən inşa etdirdim. Ümumilikdə mənim əlavə 18 min manat xərcim çıxdı. Hovuz tam hazır olandan sonra pulu ödəmədi və yoxa çıxdı".
Müğənni bildirib ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edib:
"2025-ci ilin dekabr ayında polisə müraciət etdim. Məlum oldu ki, həmin şəxs Azərbaycanı tərk edib. 10 gün əvvəl o, Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. İfadəsi alınandan sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı araşdırma aparılır".
A.Məhərrəmov qeyd edib ki, A.Məmmədəliyev onunla yanaşı bir neçə şəxsə qarşı da dələduzluq edib:
"Bu barədə zərərçəkmişlər mənə məlumat veriblər. Yaxın günlərdə bu məlumatları da hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm".
---------
Məşhur müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə "Unikal"a müğənninin özü məlumat verib.
Asif Məhərrəmov məsələ ilə bağlı Binəqədi Rayon Baş Polis İdarəsinə rəsmi, yazılı müraciət etdiyini bildirib.
Azərbaycan dövlətinə və qanunlarına güvəndiyini vurğulayan Asif Məhərrəmov, məsələnin hüquqi müstəvidə, qanun çərçivəsində həll olunacağına inandığını diqqətə çatdırıb. O, həmçinin Daxili İşlər Nazirliyinə və polis orqanlarına müraciət edərək işinin diqqətdə saxlanılmasını xahiş edib.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.
Müğənni əlavə edib ki, məsələ ilə bağlı gələn həftə Baş Prokurorluğa şikayət edəcək.
Milli.Az