"Trabzonspor"un avtobusunu daş-qalaq etdilər

30 Yanvar 2026 21:32

Türkiyə Super Liqasının 20-ci turunda "Antalyaspor"un qonağı olacaq "Trabzonspor"un avtobusuna daşlı hücum reallaşdırılıb. 

Milli.Az xəbər verir ki, hadisə "Trabzonspor" komandası "Antalyaspor"la qarşılaşma üçün stadiona yollanarkən baş verib. Naməlum şəxs və ya şəxslər hərəkətdə olan avtobusa daş atıblar.

"Trabzonspor" klubu rəsmi sosial media hesablarında ard-arda yaşanan xoşagəlməz hadisələrə diqqət çəkərək bu bəyanatı yayıb:

"Ötən günlərdə "Kocaelispor" səfərindən qayıdarkən prezidentimiz Ertuğrul Doğanın avtomobilinə edilən hücumdan sonra, bu dəfə də komanda avtobusumuz hədəf alınıb. Bu alçaq hücumları ən kəskin şəkildə qınayırıq. Cinayətkarların tezliklə tapılmasını və lazımi cəzanı almasını gözləyirik."

"Trabzonspor"un baş məşqçisi Fatih Tekke isə hadisəyə daha sakit reaksiya verib. O, hadisəni ciddi bir aksiya deyil, bir uşağın hərəkəti kimi qiymətləndirib: "Uşağın biri, balaca bir uşaq daş atdı, vəssalam. Əlbəttə, uşaqlara bir az diqqət yetirmək lazımdır, amma burada böyüdüləcək bir şey yoxdur."

Lalə Qüdrətova
Milli.Az