30 yanvar tarixi Azərbaycanda Gömrük xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Milli.Az xəbər verir ki, tanınmış ictimai xadim, "Mənim atam və mənim oğlum qəhrəmandır!" layihələrini rəhbəri, Prezident təqaüdçüsü, Gömrük xidməti polkovniki Mircəlal Qurbanov sosial şəbəkə hesablarında Gömrük xidməti işçilərini peşə bayramı münasibəyilə təbrik edib.
Mircəlal Qurbanovun təbrikini olduğu kimi dərc edirik:
"Bu gün Gömrükçülərin Peşə Bayramıdır. Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas dayaqlarından biridir. Bu peşə yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır, eyni zamanda dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, qanunun aliliyinin qorunması və Vətənə sədaqətlə xidmət kimi ali missiyanı özündə birləşdirir.
2001-2023-cü illər ərzində qürur və məsuliyyət hissi ilə gömrük orqanlarında xidmət etmişəm. Bu illər ərzində qüsursuz xidmətimə görə 3-cü, 2-ci və 1-ci dərəcəli döş nişanları ilə təltif olunmuşam. Bu mükafatları bir ömrün zəhmətinə verilən qiymət, dövlətə və xalqa sədaqətli xidmətin təzahürü kimi qəbul edirəm. Şükürlər olsun ki, hər zaman üzərimdə daşıdığım gömrük formasının şərəfini, məsuliyyətini qorumağa çalışmışam və bunu bacarmışam.
Gömrük işçisi olmaq ilk növbədə dürüstlük, prinsipiallıq və fədakarlıq tələb edir. Odur ki, hər zaman bu şərəfli peşəni vicdanla və ləyaqətlə icra etməyə səy göstərmişəm.
Bu əlamətdar gün münasibətilə bütün keçmiş həmkarlarımı və hazırda xidmət aparan fədakar gömrük əməkdaşlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, ailə səadəti və şərəfli xidmət yolunda davamlı uğurlar arzulayıram. Gömrükçü olmaq sadəcə bir peşə deyil - bu, böyük məsuliyyət və ali şərəfdir.
Eyni zamanda, Vətənini canından üstün tutaraq qanı ilə Zəfər tariximizi yazan qəhrəman şəhidimiz, Gömrük xidməti leytenantı Ülvi Hacıyevin əziz xatirəsini dərin ehtiramla anır, onun timsalında bütün şəhid gömrükçülərimizi təbrik edirəm.
Bayramımız mübarək olsun!"
Milli.Az