Komaya düşən Nigara görə həkimlərin məhkəməsi BAŞLADI

30 Yanvar 2026 17:54

Estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəməsi başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Növbəti proses fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.

Milli.Az