Oğlum "Qurtuluş" Reabilitasiya Mərkəzində ona verilən işgəncələrdən qaçmışdı.
Bunu Milli.Az-a açıqlamasında T.Əliyeva deyib.
"25 yaşlı oğlum Saleh İsmayılov özü müalicə olunmaq üçün "Qurtuluş" Reabilitasiya Mərkəzinə müraciət etmişdi. 35 gün orda oldu və həmin müddətdə orada müxtəlif işgəncələrə məruz qalıb. Döyülməkdən oğlum ordan qaçdı, qorxusundan başqa reabilitasiya mərkəzinə də getmirdi ki, orada da döyəcəklər. Yanvarın 1-də isə başqa reabilitasiya mərkəzinə müraciət etdik, şükür indi vəziyyəti normallaşıb, komaya düşmüşdü, yazıq uşaq ölümdən döndü.
Səbəbkarı da "Qurtuluş" Reabilitasiya Mərkəzi və onun rəhbəri Ceyhun Salmanovdur. Bizdən 1160 manat pul almışdılar, amma oğlumu orda olduğu müddətdə ac, susuz saxlamışdılar. Həftədə bir dəfə də ayrı yemək pulu alırdılar. Ancaq özlərini reklam və şou ilə məşğuldurlar. Heç kimin ahı yerdə qalmaz, onsuz da bu insanlar xəstədirlər, müalicə olunmaq istəyirlər, onlara belə əzab-əziyyət vermək insanlıqdan deyil"
T.Əliyeva qeyd edib ki, məsələ ilə bağlı rəsmi şəkildə də şikayət edib.
"Tək şikayətçi də mən deyiləm, qaça bilənlər şikayət edir".
Xatırladaq ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb.
Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.
Mehman Əsədov
Milli.Az