Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində dayanıqlılıq prinsiplərinin təşviqi məqsədilə dövlət qurumlarının nümayəndələri üçün məlumatlandırma sessiyası təşkil olunub.
Milli.Az xəbər verir ki, sessiyada açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov 17-22 may tarixlərində keçiriləcək WUF13 tədbirinin əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin sektor müdiri İlqar Qasımlı və EY şirkətinin Mərkəzi Asiya, Qafqaz və Ukrayna üzrə rəhbəri Viktor Kovalenko da çıxış edərək, tədbirin şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik qlobal konfrans olduğunu və bu tədbirdə iştirakın vacibliyini bildirdilər.
WUF13 Azərbaycan Əməliyyat Şirkəti və EY Azərbaycan şirkətindən olan nümayəndələri davamlı şəhərsalma və bu sahədə qlobal və milli çağırışlar, eləcə də tədbirin dayanıqlılıq hədəfləri barədə təqdimat etdilər. WUF13 zamanı keçirilməsi planlanan əsas sessiyalar, tərəfdaş təşkilatlarla tədbirlər, assambleyalar və dəyirmi masalar haqda məlumat verilib. Sessiyada milli təmsilçilik və iştirakçılığın əhəmiyyəti qeyd olunub.
Sessiyada BMT-nin WUF13 üzrə koordinatoru Abdinassir Şel Saqar və 70-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib.
Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 tədbiri "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək. Bu tədbir vasitəsilə iştirakçılar bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edəcəklər.
Milli.Az