Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Onlardan biri Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri "gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsi ilə təltif olunub.
Milli.Az xəbər verir ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirib. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnib.
Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlamışdır.1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlamış, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləmiş, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olmuşdur.
Şahin Bağırov 16 yanvar 2014-cü ildən 6 iyul 2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır. 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmiş, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir. 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edilmişdir.
Şahin Bağırov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.
28 yanvar 2005-ci ildə ona gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantıali xüsusi rütbələri verilmişdir.
Ailəlidir, iki övladı var.
Milli.Az