Azərbaycanlı musiqiçi həbs olundu - FOTO

28 Yanvar 2026 18:31

Qobustan rayonunda saz və gitarada ifa edən musiqiçi Rauf Cəbrayılov inzibati qayda pozuntusuna görə həbs olunub.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü, Qobustan rayonu, Nərimankənd kənd sakini Rauf Cəbrayılov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və məhkəmənin hökmü ilə 20 gün müddətinə həbs edilib.

Məlumata görə, Rauf Cəbrayılov "TikTok" sosial şəbəkəsində "rauf music" adlı hesabından istifadə edərək musiqiçi kimi iştirak etdiyi tədbirlərdən videolar paylaşıb. Lakin təxminən iki həftə əvvəl sərxoş vəziyyətdə "TikTok" hesabında canlı yayım açıb və bu zaman etikadan kənar ifadələr işlədib. Daha sonra, heç bir aidiyyəti olmadığı təqdirdə benzinin qiymətini qaldıran şəxslər barəsində də əxlaqa uyğun olmayan ifadələrdən istifadə edib.

Məhkəmədə Rauf Cəbrayılov bildirib ki, həmin vaxt sərxoş olduğu üçün inzibati xəta törətdiyini dərk etməyib və ona həbslə bağlı olmayan inzibati tənbehin tətbiq olunmasını xahiş edib.

Qeyd edək ki, Rauf Tağıyev bir neçə il əvvəl fəaliyyətini dayandıran "Lider" TV-də saz musiqi müsabiqəsinin iştirakçısı olub.

Milli.Az