İran XİN-dən sərt açıqlama: ABŞ ilə danışıqlar aparılmır

28 Yanvar 2026 19:55

İran rəsmiləri son günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla əlaqə qurmadıqlarını və danışıqlar təşəbbüsü irəli sürmədiklərini açıqlayıblar.

Milli.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib. Onun sözlərinə görə, birbaşa təmas olmasa da, vasitəçi ölkələrlə məsləhətləşmələr davam edir.

Xatırladaq ki, yanvarın 21-də Uitkoff CNBC-yə müsahibəsində ABŞ-nin İranla rəsmi danışıqlar aparmadığını, lakin tərəflər arasında müəyyən əlaqələrin olduğunu bildirmiş və razılaşma əldə olunmayacağı təqdirdə qlobal problemlərin yarana biləcəyini vurğulamışdı.

Qeyd edək ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin ucuzlaşması ticarətçilərin etirazlarına səbəb olub. Sonradan aksiyalara tələbələr də qoşulub və narazılıqlar ölkənin bir çox şəhərinə yayılıb.

2026-cı ilin yanvarında vəziyyət daha da gərginləşib, etirazlar zamanı silahlı toqquşmalar baş verib. Yanvarın 8-də qeydə alınan qarşıdurmalarda azı 12 mülki şəxs, o cümlədən bir uşaq, eləcə də 25 hüquq-mühafizə əməkdaşı həlak olub. Tehran merinin məlumatına görə, paytaxtda çoxsaylı ictimai və dövlət obyektlərinə ciddi ziyan dəyib. İran hakimiyyəti iğtişaşların arxasında ABŞ və İsrailin dayandığını iddia edir.

Asya
Milli.Az