Azərbaycanda plastik kartlardan istifadə nə dərəcədə təhlükəsizdir?

8 Avqust 2012 15:28
Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytının daimi oxucularından olan Emin Məmmədov məlumat verib.

"İstirahət günlərində Bakının mağazalarında alış-veriş etdim. Ödənişləri plastik kartlarla etdim və bu zaman məndən şifrə soruşmadılar və rahatlıqla ödəniş həyata keçirildi. Məndə sual yaranır: əgər ödəniş üçün şifrə tələb olunmursa, onda həmin şifrə nəyə lazımdır? Kartı aldığım "Respublika" bankına müraciət etdim və orada dedilər ki, ödəniş üçün şifrəyə ehtiyac yoxdur, lakin mütləq çek almaq lazımdır. Şifrəsiz ödəniş nə dərəcədə təhlükəsizdir?", - oxucu məktubunda qeyd edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Respublika" bankının plastik kartlar departamentinin rəhbəri Ramil Salayevlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, əgər plastik kart Cirrus/Maestro deyilsə, bu zaman pos-terminallarda ödəniş etmək üçün şifrə tələb olunmur.

"Plastik kartlarla ödəniş edilərkən şifrədən istifadə olunması arzuolunandır. Belə olan halda, müxtəlif vəziyyətlərdə kartlardan pul vəsaitlərinin itməsi riski azalır. Şifrəsiz ödəniş edən zaman şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, çekdə imza atmaq lazımdır. Atılmış imza kartdakı imza ilə və şəxsiyyət vəsiqəsindəki imza ilə müqayisə olunur ki, bu da kənar şəxslər tərəfindən saxta imza atılması problemini aradan qaldırır. Ödəniş edildikdən sonra, alıcı mütləq çekin nüsxəsini tələb etməlidir", - o əlavə edib.
 
Ramil Salayev deyib ki, plastik kartın itməsi və ya oğurlanması hallarında kartın sahibi müvafiq banka müraciət etməlidir. Hər bir bankın özünün itmiş kartı geri qaytarmaq üsulu var.

"Kartın itməsi barədə ərizə daxil olduqdan sonra fakt araşdırılır, səbəblər öyrənilir və situasiyadan asılı olaraq, kartdakı vəsait həmin şəxsə qaytarılır. Bundan əlavə ödəniş edildikdə kartın sahibinin nömrəsinə sms gəlir və ödəniş barədə məlumat verilir", - o bildirib.

Onun sözlərinə görə, kənar şəxslər tərəfindən kartların istifadəsinin qarşısını alan elementlər - kartın istifadə müddəti, kart sahibinin imzası, bütün lazımi informasiyaları özündə saxlayan mikroçip təhlükəsizliyi tam şəkildə təmin edir.

Milli.Az