Xırdalan şəhərinin mərkəzində nəqliyyat probleminin aradan qaldırılması üçün yeni tunel layihəsinin reallaşdırılması nəzərdə tutulur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin açıqlamasına görə, bu istiqamətdə hazırlıq işləri aparılır.
Milli.Az xəbər verir ki, sədrin sözlərinə görə, M-4 avtomobil yolu üzrə Xırdalan mərkəzində tunelin inşası 2026-cı ildə icrasına başlanması planlaşdırılan əsas layihələrdən biri hesab olunur. Sözügedən tunel Xırdalan şəhəri və ətraf yaşayış massivlərində nəqliyyat axınının daha rahat təşkilinə, sıxlığın azalmasına və Bakıya giriş-çıxışın sürətlənməsinə imkan yaradacaq.
Anar Rzayevin sözlərinə görə, 2026-cı il üçün nəzərdə tutulan digər yol layihələri sırasında Məhəmməd Xiyabani - Dairəvi-1 yolu, Xırdalan dairəsi, eləcə də Əli Salamzadə ilə Ziya Bünyadov prospektlərini birləşdirən istiqamət də yer alır.
AYNA sədri vurğulayıb ki, icra olunan və planlaşdırılan bu layihələr paytaxt və ətraf ərazilərdə nəqliyyat yükünün azaldılmasına, həmçinin yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xidmət edəcək.
Asya
Milli.Az