Qışda makiyaj etməzdən əvvəl bunları bilməlisiniz - AÇIQLAMA

29 Yanvar 2026 06:06

Qış mövsümündə soyuq hava, ani temperatur dəyişiklikləri və qapalı məkanlarda havanın quru olması dərinin vəziyyətinə mənfi təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, rusiyalı dermatoloq və mikoloq Aleksandra Zeynalovanın sözlərinə görə, şaxtalı havalarda piy vəziləri daha zəif işləyir, dərinin qoruyucu hidrolipid baryeri həssaslaşır və qan dövranı zəifləyir. Bu da dərinin kifayət qədər oksigen və qida maddəsi almamasına, nəmin sürətlə itirilməsinə səbəb olur. Nəticədə quruluq, qabıqlanma, dartılma hissi və qızartı yaranır.

Mütəxəssis bildirir ki, qış aylarında istifadə olunan bir çox tonal kremlər, xüsusilə mat və uzunmüddətli məhsullar, tərkibindəki spirt və absorbent maddələr səbəbindən dərini daha da qurudur və zəifləmiş lipid baryerini zədələyir. Sıx və "nəfəs almayan" teksturalar isə dərinin təbii nəmlənmə prosesini məhdudlaşdıra bilər.

Bundan əlavə, yay üçün nəzərdə tutulmuş yüngül makiyaj vasitələri qışda kifayət qədər qoruma təmin etmir, həddindən artıq qatı kremlər isə dəridə narahatlıq yaradır. Quru dəri üzərində pudranın tez-tez istifadəsi mövcud nəmi də soraraq quruluğu daha da artırır və dərinin yenilənmə prosesini ləngidir.

Aleksandra Zeynalova xəbərdarlıq edir ki, qış aylarında ağır makiyajın davamlı istifadəsi dərinin qıcıqlanmasına, qabıqlanmasına, rozatseanın kəskinləşməsinə və iltihabi problemlərə yol aça bilər.

Dermatoloq qışda makiyajdan əvvəl dərinin yaxşı nəmləndirilməsini tövsiyə edir. Keramidlər, hialuron turşusu və yağlar tərkibli qidalandırıcı kremlərə üstünlük verilməli, tonal vasitə kimi isə BB və CC kremlər və ya nəmləndirici flüidlər seçilməlidir. Matlaşdırıcı və uzunmüddətli məhsullardan uzaq durmaq məsləhətdir. Pudra isə ya minimum miqdarda, ya da yalnız T zonasına tətbiq olunmalıdır.

Həmçinin, çölə çıxmazdan əvvəl üzün həssas nahiyələrinə qoruyucu krem çəkmək, axşam isə makiyajı yumşaq təmizləyici vasitələrlə silib gecə kremi ilə dərini bərpa etmək vacibdir. 

Asya
Milli.Az