Timoşenko Rusiyada axtarışa verildi

27 Yanvar 2026 20:33

Ukraynanın keçmiş baş naziri və "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlər yaymaqda ittiham olunaraq beynəlxalq axtarışa verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Timoşenko barəsində cinayət işi artıq Moskvanın Basmannı Rayon Məhkəməsinə göndərilib. İstintaqın iddiasına görə, o, sosial media hesabında Buça və İrpin şəhərlərindəki hadisələrlə bağlı Rusiya ordusunu hədəf alan məlumatlar paylaşıb. Rusiya tərəfi Timoşenkonun 2024-cü ilin iyulundan axtarışa verildiyini, 2025-ci ilin dekabrında isə barəsində qiyabi həbs qətimkan tədbirinin seçildiyini vurğulayıb.

Xatırladaq ki, Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu da (NABU) Timoşenkonu korrupsiyada və siyasi rüşvətxorluqda şübhəli bilir. Yanvarın 14-də yayılan səs yazılarında "Batkivşina" liderinin digər millət vəkillərinə konkret qanun layihələrinə "düzgün" səs vermələri üçün müəyyən məbləğ müqabilində təlimatlar verdiyi iddia olunur.

Milli.Az