Uşağın doğulmasına görə pul necə alınır?

27 Yanvar 2026 20:00

Azərbaycanda uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin təyin edilməsi prosesi tam elektronlaşdırılıb.

Milli.Az-ın məlumatına görə, artıq bu ödənişi almaq üçün hər hansı quruma müraciət etməyə, ərizə yazmağa və ya əlavə sənəd təqdim etməyə ehtiyac yoxdur.

Müavinət uşağın doğum haqqında şəhadətnaməsi alındıqdan dərhal sonra avtomatik qaydada təyin olunur. Təyinat valideynlərin məşğulluq vəziyyətindən asılı olaraq aparılır.

Belə ki, əgər valideynlərin hər ikisi işləmirsə və ya hər ikisi işləyirsə, müavinət ananın bank hesabına köçürülür. Valideynlərdən yalnız biri işlədiyi halda isə birdəfəlik müavinət işləyən valideynin hesabına ödənilir.

Uşağın doğulmasına görə birdəfəlik müavinətin məbləği 600 manat təşkil edir. Ödəniş təyin olunduqdan sonra vəsaitin köçürülmə tarixi və alınma qaydası barədə məlumat təyinat alan şəxsin mobil nömrəsinə SMS vasitəsilə göndərilir.

Mina Mikayılova
Milli.Az