Metroda 35-ci qatar - "Nərimanov"dan "28 May"a sərnişinsiz gəlir

27 Yanvar 2026 15:30

Bakı metropoliteninin "28 May" stansiyasında pik saatlarda sərnişin sıxlığının qarşısını almaq məqsədilə tədbirlər görülüb.

Milli.Az xəbər verir, 35-ci qatarın xəttə buraxılması ilə stansiyada sərnişin sıxlığı daha operativ şəkildə tənzimlənir.

Məlumata görə, görülən tədbirlər nəticəsində stansiyanın hər iki giriş qapısı eyni vaxtda açıq saxlanılır, "X-ray" cihazları tam gücü ilə fəaliyyət göstərir, eskalatorlar paralel şəkildə işləyir və platformada normadan artıq yüklənmənin qarşısı alınır.

Qurumdan bildirilib ki, 35-ci qatar "Nərimanov" elektrik deposundan "28 May" stansiyasına qədər sərnişinsiz olaraq hərəkət edir. Sözügedən qatar metropolitendə ən sıx sərnişin axınının müşahidə olunduğu vaxtlarda ehtiyat qatar kimi xəttə buraxılır.

Mina Mikayılova
Milli.Az