İsrail ABŞ-la 10 illik hərbi yardım sazişi imzalamağı planlaşdırır

27 Yanvar 2026 11:04

İsrail ABŞ-la yeni, 10 illik hərbi yardım sazişi imzalamağı və maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azalmasına hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, müddəti 2028-ci ildə başa çatan mövcud razılaşma çərçivəsində ABŞ hər il Təl-Əvivə ən azı 4 milyard dollar ayırır.

İsrailin Müdafiə Nazirliyinin baş maliyyə müşaviri Gil Pinxas bildirib ki, yaxın həftələrdə keçirilməsi gözlənilən danışıqlarda İsrail birbaşa maliyyə subsidiyalarından daha çox birgə hərbi və müdafiə layihələrinə üstünlük vermək niyyətindədir.

"Bu kontekstdə tərəfdaşlıq sadəcə maliyyə məsələsindən daha vacibdir. Pul qədər dəyərli olan bir çox məqam var", - deyə Pinxas vurğulayıb.

Onun sözlərinə görə, ABŞ silahlarının alınması üçün ayrılan illik bir neçə milyard dollarlıq vəsait sazişin yalnız "komponentlərindən biridir".

Pinxas əlavə edib ki, İsrail mövcud və gələcək birgə hərbi sistemlərin hazırlanması layihələrini, o cümlədən birdəfəlik əsasda həyata keçirilən təşəbbüsləri də müzakirə etməyi planlaşdırır. "Siz vəsait yatırırsınız, onlar da yatırır və nəticədə hər kəs qazanır", - deyə o qeyd edib.

Ayxan
Milli.Az