Bu xidmət mütəxəssis konsultasiyası ilə birlikdə 15 500 manatdır

27 Yanvar 2026 11:05

Azərbaycanda icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi genişləndirilərək eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətini artıracaq mühüm sosial qərarlar qəbul edilib. 

Milli.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, koxlear implant istifadəçiləri üçün bir neçə xidmət əlçatan olacaq.

Nəzərə çatdırıb ki, koxlear implantın istifadəsindən 1 il keçdikdən sonra, cihaz əlavə olaraq 4 dəfə tənzimlənəcək. Bu xidmətə həm tənzimlənmə, həm də mütəxəssis konsultasiyası daxildir. Xidmətin dəyəri 300 manat təşkil edir.

Bundan başqa ən azı 5 il istifadə edilmiş köhnə nitq prosessorları tamamilə yeni modellə əvəzlənəcək. Bu xidmət mütəxəssis konsultasiyası ilə birlikdə 15 500 manat dəyərindədir.

Həmçinin zəmanət müddəti bitən cihaz texniki cəhətdən yararsız hala düşərsə, eyni modelin yeni nitq prosessoru ilə əvəz olunması təmin ediləcək. 5 500 manat dəyərində olan bu xidmət, zəmanət müddəti bitmiş hallarda tətbiq edilir və mütəxəssis konsultasiyasını da əhatə edir.

Mina Mikayılova
Milli.Az